Macarıstanın baş naziri Viktor Orban Rusiyanın Ukraynada başlatdığı müharibədən bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü bildirib.
APA xəbər verir ki, bu barədə “Die Weltwoche” məlumat yayıb.
Orban müharibə başlamazdan iki həftə əvvəl Moskvaya səfəri zamanı Rusiya dövlətinin başçısı ilə danışdığını qeyd edib.
Macarıstanın baş nazirinin sözlərinə görə, o, Putindən Macarıstanın Şimali Atlantika Alyansına üzvlüyünün Rusiya Federasiyası üçün problem olub-olmadığını və Moskvanın Mərkəzi Avropa ölkəsindən NATO-dan çıxmasını xahiş edib-etmədiyini soruşub.
Orban qeyd edib ki, Putin Macarıstanın alyansa üzv olması ilə bağlı problem görməyib.
“O cavab verdi ki, Macarıstanın alyansa üzvlüyü problem deyil, yeganə problem Ukrayna və Gürcüstanın mümkün üzvlüyüdür”, - deyə Macarıstanın baş naziri deyib.
Bundan əlavə Orban vurğulayıb ki, Rusiya lideri ABŞ-ın Rumıniya və Polşada yerləşdirilmiş raket bazalarından danışıb.