Rusiya hələ də "Şimal axını"ndakı partlayışların müəllifi və icraçısının kim olduğunu dəqiq bilmir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Arqumentı i faktı” nəşrinə müsahibəsində bildirib.
Bununla yanaşı o, belə bir əməliyyat keçirməyə qadir olan ukraynalı terrorçuların mövcudluğuna şübhə ilə yanaşıb. Patruşev ABŞ və Britaniyanın mütləq bu təxribatı təşkil edə biləcək bölmələrinin olduğunu söyləyib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Kiyev bu terror hücumlarından heç nə itirməyib və heç nə qazanmayıb. Onun sözlərinə görə, "Şimal axını"nda partlayışların Ukrayna üçün faydası yoxdur:
"Rusiya Federasiyası “Şimal axını” ilə bağlı obyektiv araşdırma aparmaqda israrlıdır, onsuz birtərəfli versiyalar heç nəyi izah etmir".
Patruşevin sözlərinə görə, Almaniya hər kəs kimi başa düşür ki, “Şimal axını”na terror hücumu Almaniya iqtisadiyyatını daha da tənəzzülə aparacaq: "Müasir Almaniya müstəqil deyil. Uzun illər Ağ Ev Merkelə nəzarət edirdi və bu gün də ABŞ Almaniyanı alçaltmağa davam edir".