"Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün məsuliyyəti öz üzərinə götürmək istəmir və burada Moskva və Vaşinqtonun mövqeləri tamamilə üst-üstə düşür".
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml ABŞ Prezidenti Donald Trampın Zelenskinin sülh yolu ilə nizamlanmada maraqlı olmadığı fikri ilə tamamilə razıdır.
"Aydındır ki, Zelenski məsuliyyəti öz üzərinə götürmək və sülh yolu ilə həllə doğru irəliləmək istəmir. Və biz bu məsələdə prezident Trampla tamamilə razıyıq", - deyə Kremlin sözçüsü vurğulayıb.
Eyni zamanda, Peskov qeyd edib ki, sülh danışıqları hazırkı Ukrayna rəhbərliyi olmadan mümkün deyil.