Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Putin İsrail-HAMAS müharibəsi başlayandan bəri ilk dəfə Netanyahu ilə telefonla danışıb.
Telefon danışığı zamanı İsraildəki mövcud vəziyyət və Qəzzadakı humanitar böhran müzakirə olunub.
Rusiya prezidenti Netanyahudan sonra Fələstin Prezidenti Mahmud Abbasla da telefonla danışıb. WAFA agentliyinin məlumatına görə, Mahmud Abbas Putinlə söhbətində Rusiyanın Fələstin xalqının hüquqlarına verdiyi dəstəyi yüksək qiymətləndirib.
***
16:15
Rusiya Prezidenti Vladimir Putin bu gün İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla telefon danışığı aparacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, İsrail və Fələstin liderlərindən başqa Putinin daha üç ölkə başçısı ilə telefonla danışacağını söyləyib.
"Prezident artıq Suriya və İran prezidentləri ilə danışıb. Gün ərzində daha Misir prezidenti əs-Sisi, Fələstin prezidenti Abbas, eləcə də İsrailin baş naziri Netanyahu ilə təmaslar olacaq”, - deyə Uşakov vurğulayıb.
Onun sözlərinə görə, Putin təmaslar zamanı İsrail-Fələstin münaqişəsini müzakirə edəcək. "Təbii ki, Putin Rusiyanın qiymətləndirmələrini, mövqeyimizi bildirəcək və həmkarlarının müvafiq mülahizələrini dinləyəcək", - deyə Uşakov əlavə edib.