Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin seçki qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ-nin NBC kanalının müxbirinin prezident seçkilərinə buraxılmayan Boris Nadejdin, seçki kampaniyası dövründə həbsxanada vəfat edən Aleksey Navalnı barədə sual verib. Amerikalı jurnalist baş verənlərin demokratiya olub-olmadığını soruşub.
Putin Nadejdinin seçkilərə yaxşı hazırlaşmadığını, tərəfdaşları ilə düzgün işləmədiyini, imza toplanılan zaman saxtakarlığa yol verdiyini açıqlayıb:
"Əgər Nadejdin kampaniyada iştirak etməyibsə, bu, onun qeyri-qənaətbəxş hazırlıq işinin nəticəsidir"
Rusiya Prezidenti Navalnı ilə bağlı isə bildirib ki, onun ölümü kədərli hadisədir.
Putin Navalnını dəyişməyə razı olduğunu deyib: "Navalnını Qərb ölkələrində olanlarla dəyişmək fikri var idi. Mən dərhal buna razılıq verdim. Biz onu dəyişmək istəyirdik ki, o qayıtmasın. Amma o, öldü. Bu (ölüm) olur, həyat belədir".
Putin ABŞ-də da belə şeylərin baş verdiyini söyləyib.