Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunun hərbi qulluqçularının sayının artırılması haqqında fərman imzalayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, Putin Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin 137 min nəfər artırılaraq 1,15 milyon nəfərə çatdırılması barədə fərman imzalayıb.
Silahlı Qüvvələrin ştat sayı fərmanın qüvvəyə mindiyi gündən, yəni, 2023-cü ililin 1 yanvar tarixindən 1,9 milyon nəfərdən 2,04 milyon nəfərə yüksələcək.
2017-ci ildən etibarən Rusiya Silahlı Qüvvələrinin sayı 1 milyon 902 min 758 nəfər, o cümlədən 1 milyon 13 min 628 hərbi qulluqçu müəyyən edilib. Yeni fərmana əsasən, hərbi qulluqçuların sayı 137 min nəfər artırılıb.
Rusiya Silahlı Qüvvələrinin ştat sayı ilə hərbi qulluqçıların sayı arasındakı fərq ordudakı mülki mütəxəssislərin sayıdır. Onların sayı 900 minə yaxındır.