"Rusiya qoşunlarının xüsusi hərbi əməliyyat zonasında irəliləmə tempi artıb".
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Birləşmiş Qüvvələr Qruplaşmasının köməkçi məntəqəsini ziyarət edən Putin qeyd edib ki, Rusiya hava hücumundan müdafiə sistemlərinin effektivliyini artırmalıdır.
Putinə Donetsk vilayətində Dobropolyanın ələ keçirilməsi, Xarkov vilayətində mühasirəyə alınmış qüvvələrin məhv edilməsi və Ukraynaya kütləvi zərbələr barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov məruzə edib.
Putin bildirib ki, Dobropolyanın nəzarətə götürülməsi əlamətdar hadisədir. Onun sözlərinə görə, bu, Donetsk Xalq Respublikasının (Donetsk vilayəti-red.) sərhədlərinə yol açır.
O, Donbasın Ukrayna Silahlı Qüvvələrindən tez və tam azad edilməsi üçün şərait yaradıldığını vurğulayıb: "Dobropolyanın ələ keçirilməsi, şübhəsiz ki, bütövlükdə Donbasın azad edilməsində mühüm hadisədir və Rusiya Silahlı Qüvvələri üçün açıq-aydın uğurdur".
Putinə Kursk və Belqorod vilayətləri ilə sərhəd bölgəsindəki təhlükəsizlik zonasının uzunluğunun 600 km-dən çox olduğu məruzə olunub.
Rusiya prezidenti Xarkov vilayətinin şimal-şərqində 400 kvadrat kilometrdən çox ərazidə 2000-dən çox əsgərdən ibarət Ukrayna Silahlı Qüvvələri qrupunun mühasirəyə alınması və məhv edilməsinin adi bir hadisə olmadığını, uğur olduğunu söyləyib.