Putin: Rusiya-Türkiyə əməkdaşlığı strateji xarakter daşıyır

Putin: Rusiya-Türkiyə əməkdaşlığı strateji xarakter daşıyır
# 04 dekabr 2023 21:02 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə çoxlu yeni maraqlı layihə gözləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, o, bunu xarici ölkələrin Rusiyaya yeni təyin olunmuş səfirlərinin etimadnaməsinin qəbulu mərasimində bildirib.

“Bizim hələ çoxlu başqa maraqlı layihələrimiz, müştərək öhdəliklərimiz var. Bu layihələr həm də ticarət və yüksək texnologiyalar sahəsindədir. Artıq həyata keçirilən layihələrə misal olaraq iki ölkə arasında enerji sahəsində əməkdaşlığı göstərmək olar. Bu sahədə qarşılıqlı fəaliyyət həqiqətən də strateji xarakter daşıyır. “Rosatom” Türkiyədə ilk Akkuyu atom elektrik stansiyasının tikintisini davam etdirir, “Mavi axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində qaz sektorunda sıx əməkdaşlıq qurulub və Türkiyədə qazpaylayıcı qovşağın yaradılması istiqamətində işlər aparılır", - deyə Rusiya lideri vurğulayıb.

Putinin sözlərinə görə, Rusiyanın Türkiyə Respublikası ilə tərəfdaşlığı yüksək səviyyədədir və müxtəlif sahələrdə səmərəli qarşılıqlı fəaliyyət sahəsində uzun illərin təcrübəsinə əsaslanır: "Bundan başqa, hər iki ölkə mehriban qonşuluq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir", - deyə Rusiya prezidenti yekunlaşdırıb.

Qeyd edək ki, bu gün Kremldə keçirilən mərasimda Putin Türkiyənin Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Tanju Bilgiçin etimadnaməsini qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR