Son 20 ildə təkcə Rusiyada Xəzər dənizinin dayazlaşması təxminən 20 min kvadrat kilometr təşkil edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin dayazlaşması investisiya cəlbediciliyinin azalmasına, iş yerlərinin itirilməsinə və Xəzəryanı regionlarda sakinlərin həyat keyfiyyətinin pisləşməsinə səbəb olur.
"Mən çıxış edən həmkarlarımın fikrini bölüşürəm ki, bu gün ən aktual problemlərdən biri Xəzər dənizinin dayazlaşmasıdır. Bizim hesablamalarımıza görə, son 20 ildə təkcə Rusiya hissəsində Xəzər dənizinin sahil xəttinin quruması 20 min kvadrat kilometr təşkil edib. Rusiya gəmi naviqasiyasını təmin etmək üçün hər il əhəmiyyətli büdcə vəsaiti ayırmaq məcburiyyətində qalır. Dəniz səviyyəsinin dəyişməsinin hazırkı tempinin davam etməsi bir sıra zərərli ekoloji nəticələrlə doludur. Bu bizim hamımız üçün böyük təhlükədir".
Putin qeyd edib ki, Rusiya 2030-cu ilə qədər Xəzər dənizinin öyrənilməsi proqramını hazırlayır və nəticələri bütün qonşuları ilə bölüşməyə hazırdır.
O, Rusiyanın süni intellekt vasitəsilə həyata keçirilə biləcək Xəzər dənizinin rəqəmsal əkizini yaratmaq təklifini xatırladıb və həmkarlarını bu təşəbbüsə qoşulmağa çağırıb.