Qazaxıstan “Drujba” neft kəməri ilə neft ixracının bərpası üçün Rusiyaya rəsmi sorğu göndərib və cavab gözləyir.
“İnterfaks” xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Astanada keçirilən mətbuat konfransında bildirib.
“Rəsmi sorğunu şəxsən mən ünvanlamışam, birbaşa təqdim etmişəm. Qazaxıstan tərəfi Rusiya tərəfinin tədarükün bərpası ilə bağlı cavabını gözləyir”, – nazir qeyd edib. O əlavə edib ki, Qazaxıstanın bu marşrutla neft ixracını bərpa etmək üçün texniki imkanı var.
Qeyd edək ki, Rusiya may ayından etibarən “Drujba” boru kəməri sistemi ilə Qazaxıstan neftinin Almaniyaya tranzitini dayandırıb. Qazaxıstan 2025-ci ildə bu marşrutla Almaniyanın Şvedt şəhərindəki neft emalı zavoduna 2,1 milyon ton neft göndərib. 2026-cı ildə isə bu marşrut üzrə təxminən 3 milyon ton neft ixrac etməyi planlaşdırıb.