Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ilin yanvar ayında baş vermiş iğtişaşlarda həlak olanların xatirəsinə ucaldılmış abidənin açılış mərasimində iştirak edib.
APA xəbər verir ki, bu barədə “Sputnik”in Qazaxıstan bürosu məlumat yayıb.
Prezident abidənin önünə gül dəstəsi qoyub, tədbir iştirakçıları yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib və dövlət himni səsləndirilib.
Tokayev çıxışı zamanı bu memorial kompleksin bütün Qazaxıstan xalqı üçün xüsusi rolunu vurğulayıb və deyib ki, Qazaxıstan xalqı hər zaman faciəli yanvar hadisələrini xatırlayacaq.
"Yanvar hadisələri xalqımız üçün sınaq zamanı idi və dövlətçiliyin əsasları təhlükə altında idi. Dövlətimizi qoruyub saxlaya bilməyəcəyimiz riski də mövcud idi, lakin xalqımızın birliyi, həmrəyliyi sayəsində biz dövlətimizi qoruyub saxlamağı bacardıq. Hadisələr zamanı dağıdılmış binaları bərpa edə bilsək də, itirilmiş canları geri qaytarmaq mümkün deyil. Ona görə də əlimizdən gələni edəcəyik ki, belə bir faciə bir daha təkrarlanmasın”, - Tokayev əlavə edib.