Qırğızıstan Tacikistanla sərhədin delimitasiyasını başa çatdırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev iki ölkənin hökumət nümayəndə heyətləri arasında aparılan danışıqları şərh edərkən deyib.
Onun sözlərinə görə, yaxın zamanda ölkəsinin bütün dövlət sərhədlərinin müəyyənləşdirilməsini başa çatdırmaq üçün yekun qərar veriləcək.
Taşiyev qeyd edib ki, hökumət nümayəndə heyətlərinin görüşü zamanı bütün sərhəd məsələlərini həll etmək üçün hər iki tərəfə imkan yaradan sənəd imzalanıb.
Xatırladaq ki, oktyabrın 2-də Qırğızıstanda sərhədin delimitasiyası məsələsinə dair Tacikistan nümayəndələri ilə görüş baş tutub.
Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təxminən 980 km-dir və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir.