Rusiya həbsxanalarında məhkumların sayı tarixi minimuma enib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Dövlət Dumasının dövlət quruculuğu və qanunvericilik komitəsi sədrinin birinci müavini İrina Pankina Rusiya Federasiyası Kommunist Partiyasının amnistiya elan edilməsi haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.
“Cəzaların İcrası üzrə Federal Xidmətin (Penitensiar Xidmət - red) rəsmi məlumatlarına görə, ölkədə məhkumların sayında tarixi minimuma çatmışıq. Belə ki, 2023-cü il fevralın 1-nə olan məlumata əsasən, azadlıqdan məhrumetmə yerlərində təqribən 400 min nəfər var. Prinsipcə, Rusiya həbsxanalarında heç vaxt bu qədər az sayda məhkum olmayıb”.
Komitənin rəhbəri Pavel Kraşeninnikov isə hesab edir ki, xüsusilə, 2011-ci ildə Cinayət Məcəlləsinin 72-ci maddəsinə (cəza müddətlərinin hesablanması və cəzanın əvəzlənməsi) edilmiş dəyişikliklər koloniyalarda məhkumların sayının azalmasına kömək edir. Kraşeninnikovun fikrincə, amnistiyanın həyata keçirilməsinin vaxtı deyil.
Qeyd edək ki, Rusiya Ukraynada müharibəyə başladıqdan sonra məhbuslar “Vaqner” özəl hərbi şirkəti və Müdafiə Nazirliyi ilə müqavilələr bağlamağa başlayıblar. İyun ayında iş adamı, “Vaqner” rəhbəri Yevgeni Priqojin 32 min məhkumun müharibə zonasından qayıtdığını və onların şirkətlə müqaviləsinin başa çatdığını açıqlayıb. Mart ayında o, müqavilə bağlamış 5000-dən çox məhkumun əfv olunduğunu söyləyib.
İyun ayında Dövlət Duması məhkum edilmiş vətəndaşlara səfərbərlik zamanı və hərbi vəziyyət şəraitində müqavilə əsasında xidmət etməyə icazə verən qanun qəbul edib. Qanun yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlərə görə, habelə terrorçuluq, dövlətə xəyanət, ekstremist icma yaratmaq maddələri ilə, digər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilmiş şəxslərə şamil edilməyəcək. Eyni zamanda, Dövlət Duması həmin vaxt müqavilə bağlayan şəxslərin cinayət məsuliyyətindən azad edilməsi haqqında qanun da qəbul edib.