Rusiyalı jurnalist və teleaprıcı Vladimir Solovyovun öldürülməsinə cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində 6 nəfər saxlanılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin “Telegram” kanalı məlumat yayıb.
“Jurnalist Vladimir Solovyovun öldürülməsinə cəhdlə bağlı cinayət işi üzrə 6 nəfər saxlanılıb... Cinayətin 6 iştirakçısı neonasist terror təşkilatı "National Socialism/White Power"ın üzvləridir”, - məlumatda bildirilib.
Cinayətin Moskva şəhəri ərazisində jurnalistin avtomobilini partlatmaqla həyata keçirilməsi planlaşdırılıb.
***
15:21
“Kiyevin göstərişi ilə məşhur rusiyalı jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran neonasistlər saxlanılıb”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) yaydığı məlumatda bildirilib.
“Rusiya FTX İstintaq Komitəsi ilə birlikdə Rusiyada qadağan edilmiş “National Socialism/White Power” neonasist terror təşkilatının Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə ictimai xadim, tanınmış jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran Rusiya vətəndaşlarından ibarət olan bir qrup üzvünü saxlayıb”, - məlumatda qeyd olunub.
Vurğulanıb ki, axtarışlar zamanı saxlanılan şəxslərdən 8 ədəd “Molotov kokteyli” tipli yandırıcı vasitə, 6 ədəd “PM” tapançası, kəsilmiş ov tüfəngi, bir RQD-5 qumbarası, mindən çox müxtəlif çaplı patron, narkotik vasitə, saxta Ukrayna pasportları, qrup üzvlərinin fotoşəkilləri, millətçi ədəbiyyat və əşyalar götürülüb.