Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Ukraynanın xaricdəki dövlət orqanlarının əməkdaşlarını Moskvaya köçməyə çağırıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidməti məlumatına görə, Ukraynanın xaricdəki qurumlarında qeyri-loyal əməkdaşların müəyyən edilməsi üçün “genişmiqyaslı təmizləmələr aparılır”, nəticədə bir çox əməkdaş Ukraynaya qayıtmamağa, qaçqın statusu alaraq ev sahibi ölkədə qalmağa qərar verir. Bu şərtlər daxilində xüsusi xidmət orqanı belə ukraynalı dövlət qulluqçularını təhlükəsizliyinə zəmanət verərək Moskvaya köçməyə dəvət edir.
“Biz Ukraynanın xaricdəki diplomatik nümayəndəliklərinin və dövlət orqanlarının nümayəndəliklərinin əməkdaşlarına müraciət edirik. Əgər siz vətəninizin taleyinə, Avropada sülhün və sabitliyin təmin olunmasına görə məsuliyyət hiss edirsinizsə və Ukraynanı milli fəlakətə aparan cinayətkar Kiyev rejiminin təzyiqi altındasınızsa, Moskvaya gəlin, orada özünüzün və yaxınlarınızın təhlükəsizliyimə zəmanət veriləcək”, -deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.