Rusiya Federasiyasının Müdafiə Nazirliyi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Qara dəniz üzərində Rusiya sərhədi istiqamətində uçuşunun qeydə alındığını bildirib.
APA-nın məlumatına görə, PUA-lar Rusiyanın nəzarətində olan Krım yarımadası ərazisində kəşfiyyat aparıb.
“Bu il avqustun 28-də Qara dənizin cənub-qərb hissəsi üzərində Rusiya Aerokosmik Qüvvələri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 “Reaper” və RQ-4 “Global Hawk” pilotsuz uçuş aparatlarının Dövlət Sərhədi istiqamətində uçuşunu qeydə alıb. PUA-lar Krım yarımadası ərazisində hava kəşfiyyatı həyata keçirib”, - nazirliyin bəyanatında deyilir.
Bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədi ilə hava hücumundan müdafiə qüvvələrinin iki qırıcısı havaya qaldırılıb. Nəticədə kəşfiyyat pilotsuz təyyarələri istiqamətini dəyişərək hava kəşfiyyatı rayonlarını tərk edib.