Amerika Birləşmiş Ştatlarının bioloji silah yaratmaq proqramı davam edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov ABŞ-ın hərbi-bioloji fəaliyyətinə dair brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ hücum proqramının bir hissəsi kimi bioloji formullar əldə olunması texnologiyalarını yenidən yaratmağa cəhd edir: "Bunu hərbi bioloji fəaliyyətlərdə təcrübəsi olan hərbi qurumların keçmiş işçilərinin prioritet hesab edildiyi mütəxəssislər üçün təlim proqramı sübut edir.
2023-cü ilin oktyabr ayında ABŞ Müdafiə Nazirliyi bioistehsal strategiyasını həyata keçirməkdən ötrü mütəxəssislər üçün təlim proqramının başlandığını elan edib. Hərbi bioloji fəaliyyətlərdə təcrübəsi olan keçmiş hərbi qulluqçular prioritet namizədlər kimi nəzərdən keçiriləcək".
Rusiya MN rəsmisi qeyd edib ki, layihəyə ABŞ müdafiə nazirinin Tədqiqatlar və inkişaf üzrə müavini rəhbərlik edir və təlim üçün texnoloji baza ölkədə genomik tədqiqatlar, bioinformatika, toxuma və hüceyrələrlə işləyən doqquz iri istehsalat müəssisəsi tərəfindən təmin ediləcək: “Proqram iki aylıq ilkin kursdan və “iştirakçılara biomaterialların istehsalında real təcrübələrdə iştirak etmək imkanı verən” praktiki təlimdən ibarətdir".
Rusiyalı general onu da vurğulayıb ki, ABŞ Ukraynada bəzi bioloji obyektlərin fəaliyyətini bərpa etməyi ümid edir.
Kirillovun sözlərinə görə, Nigeriya vətəndaşları Pentaqon tərəfindən “pulsuz klinik baza” kimi istifadə olunur. O, Pentaqonun İraq və Əfqanıstanda bioloji vəziyyətə nəzarət etmək vəzifəsini qarşısına məqsəd qoyduğunu da söyləyib.