Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus bir MiQ-29 qırıcısını və doqquz pilotsuz uçuş aparatını vurub.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Dnepropetrovsk vilayətinin Apostolovo yaşayış məntəqəsi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub. Həmçinin, ötən sutka ərzində Xarkov və Xerson vilayətlərinin, “DXR” və “LXR”-in müxtəlif yaşayış məntəqələri ərazilərində havada Ukraynaya məxsus doqquz ədəd PUA vurulub”, deyə Rusiya MN-nin məlumatında qeyd olunub.
MN-in sözçüsü İqor Konaşenkovun sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayandan bəri ümumilikdə Ukrayna Silahlıq Qüvvələrinin 208 hərbi təyyarəsi, 132 helikopteru və 1260 pilotsuz uçuş aparatı məhv edilib: “Bundan əlavə, indiyə kimi Ukrayna tərəfinin 345 zenit-raket kompleksi, 3696 tank və digər döyüş zirehli texnikası, 576 reaktiv yaylım atəşi sistemi, 2055 səhra artilleriyası qurğusu və minaatanları, o cümlədən 3731 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.