Moskva təqdim etdiyi təhlükəsizlik sazişi ilə bağlı müzakirələri birbaşa ABŞ-la aparmaq istəyir.
APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Aİ-nin bu müzakirələrdə iştirakının vacibliyi ilə bağlı fikrini şərh edərkən deyib.
“Biz bunu nəzərə almışıq və bu məsələyə baxacağıq. Mən ötən həftə açıqlanmış yanaşmanı bir daha təkrar edirəm: biz təklif edirik ki, bu danışıqlarda qarşı tərəf ABŞ olsun. Digər formullara gəlincə, biz təbii ki, bu və ya digər şəxslərin, bəzi strukturların nümayəndələrinin istəklərini nəzərə alırıq, lakin bu o demək deyil ki, biz mövqeyimizi dəyişirik, biz Vaşinqtonla ikitərəfli danışıqlar prosesinin lehinə olan yanaşmamızı davam etdiririk”, - S. Ryabkov bildirib.
Qeyd edək ki, daha əvvəl Aİ-nin Ali Nümayəndəsi Borrell öz məqaləsində bildirib ki, Aİ bu müzakirələrdə tərkib hissə olmalı və iştirak etməlidir.