BMT Baş katibinin müavini Martin Qriffitsin Xersona səfəri təxribat xarakterlidir və qəbuledilməzdir, təşkilatın rəhbəri Antonio Quterreş əməkdaşlarının bu cür hərəkətlərinə son qoymalıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Martin Qriffitsin Rusiya Xersonuna və sakinləri referendum zamanı Rusiya Federasiyasının tərkibinə daxil olmasına səs verən regiona səfəri qəsdən təxribat xarakterlidir və buna görə də qəbuledilməzdir. BMT-nin Baş katibi öz humanitar işçilərinin bu cür hərəkətlərinə son qoymalıdır", - Rusiya XİN sözçüsü vurğulayıb.
Diplomatın fikrincə, Antonio Quterreş öz işçilərindən təxribatçı səfərlər etmək əvəzinə, Rusiya taxılının və gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyi tələb etməlidir.
Zaxarova BMT Katibliyinin Ukrayna böhranında vəziyyətin birbaşa və qərəzsiz qiymətləndirilməsindən yayınmaq üçün hər şeyi etdiyini də əlavə edib.