Rusiyada Beynəlxalq "Ordu Oyunları" bu il də keçirilməyəcək

Rusiyada Beynəlxalq "Ordu Oyunları" bu il də keçirilməyəcək
# 25 may 2024 13:06 (UTC +04:00)

Bu il Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi beynəlxalq “Ordu oyunları” (Tank biatlonu) yarışları keçirilməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Bildirilib ki, qoşunlar təsnifat yarışları belə keçirməyiblər.

Ekspertlər qeyd edir ki, hazırda xüsusi hərbi əməliyyatlar zonasında hərbi mütəxəssislərə ehtiyac var və onlardan yay aylarından döyüş hazırlığı üçün istifadə etmək daha məqsədəuyğundur.

“İzvestiya”nın vəziyyətlə tanış olan üç mənbəsi bildirib ki, Hərbçilərin diqqətini yayındırmamaq üçün beynəlxalq ordu oyunları bu il keçirilməyəcək.

Mənbənin sözlərinə görə, adətən ilin birinci yarısında birlik, birləşmə, ordu, donanma və dairələr səviyyəsində keçirilən təsnifat yarışları ilin əvvəlindən baş tutmayıb.

Müdafiə Nazirliyi bu il Ordu Oyunlarının taleyi ilə bağlı heç bir məlumat verməyib. “İzvestiya” nazirliyə sorğu göndərib.

Ötən ilin yazında Beynəlxalq Ordu Oyunlarının iki ildən bir keçirilməsinə qərar verildiyi üçün yarışın 2023-cü il üçün ləğv edildiyi və 2024-cü ildə keçirilməli olduğu barədə qeyri-rəsmi xəbərlər yayılmışdı.

Ötən ilin avqustunda Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin bildirmişdi ki, 2024-cü ildən etibarən oyunlar cüt illərdə keçiriləcək.

Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosenti Aleksandr Perendjievin fikrincə, bu oyunların özü çoxlu sayda hərbçini tapşırıqları yerinə yetirməkdən yayındırır. “İndi vəziyyət gərgindir, ABŞ və NATO getdikcə Rusiya ilə münaqişəyə cəlb olunur, bunun nəyə gətirib çıxaracağı məlum deyil. Buna görə də, indi əsas şey oyunlara deyil, birbaşa təlimlərin özünə fokuslanmaqdır. Artıq yay və payız dövrləri intensiv döyüş hazırlığına həsr olunacaq. Söhbət xüsusi hərbi əməliyyatla bağlı məsələlərin sürətləndirilməsindən gedir. Oraya təlim keçmiş yeni qüvvələr gətirilməlidir. Daimi rotasiya olmalıdır"

Ekspert əlavə edib ki, yeni bölmələr döyüşə daxil olmamışdan əvvəl onlar xüsusi hərbi əməliyyat zonasında düşməni məharətlə məğlub etmək üçün təlim keçməlidirlər.

“Lakin ümumilikdə biz sərhədlərimizin bütün perimetri boyunca təhdidləri dəf etməyə hazır olmalıyıq. Ona görə də qərara alınıb ki, indi oyunlara vaxt yoxdur. Biz, əlbəttə ki, onlara qayıdacağıq, ancaq xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra”, - deyə Aleksandr Perendjiyev yekunlaşdırıb.

Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları müxtəlif dövlətlərin silahlı qüvvələrinin bölmələri arasında keçirilən kompleks yarışlardır. Ordu oyunları ilk dəfə 2015-ci ildə keçirilib. Sonuncu dəfə müsabiqə 2022-ci ilin yayında keçirilib. Həmin müsabiqədə 38 ölkədən nümayəndə iştirak edib. Müsabiqə çərçivəsində ümumilikdə 12 ölkədə 34 yarış keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR