Bu ilin noyabr ayında Rusiyada inflyasiya illik ifadədə 8,4%-dək sürətlənib. Bu, 2016-cı ilin yanvarından bəri maksimum göstəricidir. Yanvar-noyabrda inflyasiya 7,5% təşkil edib. Ərzaq məhsulları təxminən 11% bahalaşıb.
APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Federal Dövlət Statistika Xidmətinin ("Rosstat") açıqlamasında deyilir.
Ölkədə bəzi məhsul qrupları üzrə qiymət artımı xüsusilə sürətlənib. Siyahıya tərəvəz, ət və avtomobil başçılıq edir.
Meyvə-tərəvəz qiymətləri inflyasiyanın üçdə biri qədər artıb. İl ərzində kələm 81%, kartof 60%, kök isə 35% bahalaşıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pomidor, xiyar və soğanın qiymətində də 20-30% artım müşahidə olunur. Toyuq əti 26%, qarabaşaq, yumurta, şəkər tozu və günəbaxan yağı təxminən 20% bahalaşıb.
Qeyri-ərzaq məhsulları ilin əvvəlində 8%-dən çox bahalaşıb. Xidmət sektorunda qiymət artımı 4,22% olub.
Rusiyada avtomobillərin qiymətində də artım müşahidə olunur. Belə ki, ölkədə təkcə xaricdən gətirilən avtomobillər deyil, yerli istehsalat da kəskin bahalaşıb. Bu ilin avqust ayından etibarən avtomobillərin qiyməti orta hesabla 15% artıb.
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina 2021-ci ildə ölkədə inflyasiyanın 7,4-7,9% səviyyəsində olacağını açıqlayıb. İqtisadçılar proqnozun doğruluğuna inanır, lakin araşdırmalar onu göstərir ki, real inflyasiya proqnozdan təxminən iki dəfə fərqlənir.
Qeyd edək ki, Rusiyada 2021-ci ilin əvvəlində rubl ABŞ dollarına nisbətdə ucuzlaşıb – aprel ayında 1 dollar təxminən 78 rubla bərabər olub (bu, indiyədək illik maksimumdur). Lakin sonradan rubl dollara qarşı möhkəmlənib. Buna səbəb isə Avropadakı qaz böhranı və bu fonda qazın qiymətlərinin rekord səviyyəyə artması olub. Nəticədə Rusiyanın milli valyutası dollara qarşı 71,8 rubladək möhkəmlənib.