Rusiyanın Rostov vilayətində, "Kamenski" kimya zavodunda baş verən yanğında ölənlərin sayı 4 nəfərə çatıb.
APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə regionun qanunverici orqanının sədri Aleksandr İşenko bildirib.
"Kamenski" kimya zavodunda baş verən qəza və yanğın nəticəsində 4 nəfər ölüb. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm", - deyə sədr "Facebook" səhifəsində yazıb.
O əlavə edib ki, həkimlər hazırda digər yaralıların müalicəsi üçün çalışırlar.
Qeyd edək ki, ölkənin Sənaye və Ticarət Nazirliyi buna qədər müəssisənin qəlibləmə sexində baş vermiş yanğın nəticəsində 7 nəfərin xəsarət aldığını, daha sonra onlardan birinin xəstəxanada öldüyünü bildirmişdi.