Rusiyada ölüm hökmünə qoyulmuş moratorium aradan qaldırıla bilər.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu, Rusiya xalqının, dövlətinin və cəmiyyətinin maraqlarını qorumaq üçün vasitə seçmək məsələsidir.
“Bu yaxınlarda gənc əcnəbi tələbələr Rusiya siyasəti ilə razılaşmadıqları üçün Ufada bir neçə dəmir yolu obyektini sıradan çıxarıblar. Yəni biz bu eybəcərləri qəbul etdik, onlara təhsil almaq imkanı verdik. Cavab isə terror hücumları və təxribat. Eyni cərgədə “bizimkilər”, belə demək mümkünsə, vətəndaşlar hərbi komissarlıqları yandırır, digər dövlət obyektlərini dağıdırlar. Mən Ukrayna terrorçularının ərazimizdə vətəndaşlarımızı öldürməsindən hələ danışmıram”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini Telegram kanalında yazıb.
O xatırladıb ki, Böyük Vətən müharibəsi illərində heç kim diversantların nazı ilə oynamırdı. “Belə əclafların hökmü bir idi - məhkəməsiz və istintaqsız güllələnmə... Düz cinayət yerində”, - Medvedev əlavə edib.