“Ural Hava Yolları”na məxsus A320 təyyarəsi Novosibirskdən 180 km aralıda Kamenka kəndi yaxınlığında tarlaya məcburi eniş edib.
APA Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə Federal Hava Nəqliyyatı Agentliyinin xilasediciləri ilə axtarış-xilasetmə təyyarəsi göndərilib.
“Eniş Kamenka qəsəbəsi yaxınlığında (Novosibirskdən təqribən 180 km aralıda) havadan seçilmiş ərazidə həyata keçirilib. Yardım göstərmək üçün Novosibirsk vilayətində əməliyyat qərargahı təşkil edilib. Federal Hava Nəqliyyatı Agentliyinin xilasediciləri olan təyyarə yardım təşkil etmək üçün Omskdan havaya qalxıb. Novosibirskə daşınmanın təşkili üçün avtobuslar Kamenka ərazisinə göndərilib”, məlumatda deyilir.
“Ural Hava Yolları”na məxsus təyyarə Soçi-Omsk marşrutu ilə uçurdu. Təyyarədə 23-ü uşaq olmaqla 170 nəfər olub. Bütün sərnişinlər təxliyə edilərək ən yaxın kəndə yerləşdirilib.
Federal Hava Nəqliyyatı Agentliyi aydınlaşdırıb ki, ilkin məlumata görə, heç kim tibbi yardım üçün müraciət etməyib.
“Ural Hava Yolları”na məxsus təyyarə ilə baş verən ciddi hava insidentinin səbəblərini və şəraitini araşdırmaq üçün komissiya yaradılıb.