Rusiya məhkəməsi “yalnız slavyanlar üçün” işlə təmin olunma bəndini ehtiva edən iş elanlarını ekstremizmin təbliğatı kimi tanıyıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskvanın Doroqomilovski Rayon Məhkəməsi qərar çıxarıb.
Məhkəmə materialında qeyd olunub ki prokurorluq tərəfindən “VKontakte” sosial şəbəkəsində dərc olunan iş elanları ilə bağlı materiallar məhkəməyə təqdim olunub. Həmin materiallar geyim mağazalarında və tikilməkdə olan obyektlərdə işçilərin axtarışı elanı ilə bağlı olub. Belə ki, elanlarda iş üçün müraciət edən şəxsin slavyan xalqının nümayəndəsi olması vurğulanıb.
Məhkəmə hesab edib ki, bu cür reklamlar anti-ekstremist qanunvericiliyi pozur, hamı əmək hüquqlarında bərabərdir və işə qəbul zamanı ayrı-seçkilik yolverilməzdir.
Nəticədə məhkəmə instansiyası bu cür reklamı qadağan olunmuş məlumat və etnik ədavəti qızışdıran təbliğat kimi tanıyıb.
Qeyd olunan məzmunlu yazıların tezliklə "Roskomnadzor"un müvafiq reyestrinə daxil ediləcəyi gözlənilir.