Ermənistan Baş naziri və xarici işlər nazirinin Rusiyaya çağırılmasının əsas məqsədi sülh sazişi ilə bağlı prosesi ölü nöqtədən tərpətməkdir.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində “Vestnik Kavkaza” İnformasiya agentliyinin baş redaktoru, siyasi ekspert Andrey Petrov bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda sülh sazişinin tərkibi ilə bağlı işə başlanılacaq: “Hər şeydən əvvəl Ermənistan tərəfi buna başlayacaq. Çünki Azərbaycan tərəfi sülh sazişi ilə bağlı təklifini edib. Bu, 5 bənddən ibarət baza prinsipləridir. Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasında prinsipial marağı olan ölkələrdən biridir. Rusiya özü üçün sülh, sabitlik və təhlükəsizlik içində yaşayan Cənubi Qafqazı təmin etmək və birdəfəlik bu mövzunu bağlamaq istəyir. Lakin biz son iki ildə Ermənistanın bu istiqamətdə heç bir praktiki addım atmadığını görürük. Ermənistan tərəfindən heç bir kommunikasiya açılmayıb, plana uyğun bir kilometr yol belə çəkilməyib”.
Rusiyalı ekspert Ermənistanın hələ də sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın işini ləngitdiyini də qeyd edib: “Baxmayaraq ki, sərhədlərin delimitasiyasının aparılması üçün bütün lazımi sənədlər mövcuddur. Bunların eynisini biz sülh sazişi prosesi ilə bağlı da görürük. Buna müvafiq olaraq Ermənistan rəhbərliyi Rusiyaya ona görə çağırılıb ki, xarici işlər nazirləri səviyyəsində sülh sazişinin erməni variantının tərkibi ilə bağlı praktiki işə başlanılsın. Rusiya Prezidenti isə Paşinyanı prinsipial olaraq strateji məsələləri müzakirə etmək üçün çağırıb. Düşünmürəm ki, sülh sazişi ilə bağlı Paşinyan Putinin təklifi ilə razılaşmasın”.
Ekspertin fikrincə, Ermənistan rəhbərliyinin Rusiyaya çağırılması təkcə Qarabağ ətrafındakı vəziyyət və sülh sazişi ilə bağlı deyil: “Rusiyanı Ermənistan daxilində rəsmi və qeyri-rəsmi Moskvanın ünvanına ittihamların səslənməsi narahat edir. Rusiya müttəfiqindən hazırkı dövrdə ittiham yox, açıq dəstək gözləyir. Ona görə də, Putin Paşinyanın ölkəsinin konkret olaraq Rusiyadan nə istədiyini soruşacaq. Təbii ki, Rusiyanın da Paşinyandan istədikləri var. Paşinyan hakimiyyətinin sözdən əməli işə keçilməsi tələb olunacaq”.
Rusiyalı ekspert bu ilin sonuna kimi sülh sazişini imzalamağın mümkün olmayacağını qeyd edib. Onun sözlərinə görə, buna səbəb Ermənistanın prosesi uzatmaq cəhdləridir. Bununla belə, ilin sonuna kimi çərçivə sazişi hazır olacaq. Azərbaycan tərəfinin təklif etdiyi 5 baza prinsipi təsdiq olunacaq: “İlin sonuna kimi sülh sazişinin hazırlanması ilə bağlı komissiyanın yaradılması mümkündür”.