Rusiyanın Vladimir vilayətində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Uşaq və Gənclər üçün Vladimir vilayəti Kitabxanasında keçirilən “Heydər Əliyevin böyük yolunun mərhələləri” adlı tədbirdə eyni adlı kitab sərgisi də təşkil olunub.
Tədbirdə çıxış edən Rusiya Federasiya Şurasının üzvü, Vladimir vilayətindən olan senator Olqa Xoxlova böyük siyasətçi, dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirin keçirilməsini vacib hadisə adlandırıb: “Biz bilirik ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, Rusiya üçün də böyük işlər görüşüb. O, həyatının böyük bir hissəsini o vaxtlar bizim hamımızın ümumi ölkəsi olan SSRİ-nin inkişafına həsr edib. Biz əlbəttə ki, Heydər Əliyevə bu işinə, verdiyi töhfələrə görə çox minnətdarıq. Heydər Əliyevin xatirəsi rusiyalıların qəlbinə hələ də yaşayır. Bizim üçün çox vacibdir ki, bu xatirə heç vaxt itməsin. Ona görə də, biz gənclərə Heydər Əliyev haqqında danışırıq, belə xatirə günləri keçiririk”.
Rusiyalı senator bugünkü tədbirdə Vladimir vilayətinin azərbaycanlı sakinlərinin də iştirak etdiyini xatırladıb: “Biz bütün sakinlərimizin Heydər Əliyev adını bilməsi, tanıması, onun gördüyü işlər, bugünkü Rusiya-Azərbaycan dostluğunun təməlini qoyması barədə məlumatlı olması üçün Azərbaycan diasporunu da aktiv şəkildə bu işə cəlb etmişik. Bizim üçün çox vacibdir ki, tariximizi, mədəniyyətimizi qarşılıqlı şəkildə öyrənək və böyük xalqlar kimi dostluğumuzu davam etdirək”.
Kitabxananın direktoru Tatyana Sdobnikova Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbiri dostluq tədbiri adlandırıb: “Heydər Əliyev ölkələrimizin, xalqlarımızın dost olması üçün çox işlər görüb. Ona görə də, kitabxanamızda keçirilən tədbir çox vacibdir. Çünki biz gənclərlə işləyirik, hansı ki, onlar tarixi, Heydər Əliyev kimi nəhəng siyasətçinin, dövlət adamının gördüyü işləri bilməlidir. Bugünkü tədbirdə tarix fakültəsinin tələbələrinin iştirakı bu baxımdan çox vacibdir”.
T. Sdobnikova kitabxanada Heydər Əliyevə həsr olunan sərginin açıldığını da xatırladıb. Bildirib ki, sərgidə həm Vladimir Vilayəti Kitabxanasının, həm elmi kitabxananın, həm də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təqdim etdiyi kitablar nümayiş olunur.
Daha sonra tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Sevinc İsmayılova səfir Polad Bülbüloğlunun tədbirin təşkilatçılarına təşəkkür məktubunu oxuyub. Məktubda Azərbaycan səfiri ilk növbədə kitabxana rəhbərliyinə və onun direktoru Tatyana Sdobnikovaya ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından belə əlamətdar tədbir təşkil etdiyinə görə təşəkkürünü bildirib.
“Mən sizin təşəbbüsünüzü yüksək qiymətləndirirəm, çünki bu, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq sahəsində davamlı əlaqələrin qorunub saxlanmasına töhfə verir. Rusiyada Heydər Əliyevin fəaliyyəti yüksək qiymətləndirilir, onun əziz xatirəsi yad edilir. Bu tədbir xalqlarımız arasında əlaqələrin inkişafına mühüm töhfələr vermiş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev irsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bugünkü tədbirin təşkilatçılarına və iştirakçılarına bütün qəlbimlə uğurlar və məhsuldar iş arzulayıram”, - deyə P. Bülbüloğlu qeyd edib.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəsmisi Nazim İsmayılzadə Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev irsinin Rusiyada əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. O, Fondun Rusiya nümayəndəliyi adından ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu cür vacib tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edib ki, Vladimir Vilayəti Kitabxanasına Heydər Əliyev haqqında kitablar təqdim olunub.
Tədbirdə Vladimir vilayətinin Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.