Rusiyanın Kursk Atom Elektrik Stansiyası yaxınlığına PUA düşüb.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Kurçatov şəhərində yaşayış binasının yaxınlığında partlayan təyyarə tipli dron Kursk AES-dən bir neçə kilometr aralıda yerə düşüb.
"Təyyarə tipli pilotsuz uçuş aparatı doqquz mərtəbəli yaşayış binasının yaxınlığında yerə düşərək partlayıb ", - deyə fövqəladə hallar xidmətindən bildirilib.
Qeyd olunub ki, dron stansiyaya cəmi bir neçə kilometr qalmış düşüb.
Kursk vilayətinin qubernatoru Roman Starovoit dron hücumu zamanı kritik obyektlərə ziyan dəymədiyini, itkilərin olmadığını söyləyib. Onun sözlərinə görə, yaşayış binasının fasadı zədələnib, birinci mərtəbənin şüşələri sınıb.
Qeyd edək ki, Kurçatov şəhəri Kurskdan 38 kilometr qərbdə yerləşir, əhalisi təxminən 40 min nəfərdir. Şəhər öz ərazisində Kursk Atom Elektrik Stansiyasının olması ilə tanınır.