Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Ermənistan parlamentinin sədr müavini Akop Arşakyanın “Ermənistan Rusiyaya Roma Statutunun tələblərindən yayına bilmək üçün saziş təklif edib” fikrini tənqid edib.
APA TASS-a istinadən xəbər verir ki, Slutski Arşakyanın bu fikrini “düşdüyü pis vəziyyətdə özünü itirməməyə cəhd” kimi qiymətləndirib.
Komitə sədri qeyd edib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməklə Rusiyaya qarşı tamamilə qeyri-dost addım atıb. Onun fikrincə, “Ermənistan-Azərbaycan münaqişəsi zonasında mümkün hərbi cinayətləri araşdırmaq üçün Roma Statutunun imkanlarından istifadə ediləcəyi ilə bağlı səsləndirilən arqumentlər doğru deyil”.
Slutskinin sözlərinə görə, BCM Rusiya üçün hüquqi əhəmiyyət kəsb etməyən, ölkəsinə qarşı siyasiləşmiş qərarlar qəbul edən qərəzli Qərbyönümlü strukturdur.
“Rusiya tərəfi də öz təkliflərini irəli sürüb, lakin onların İrəvan tərəfindən nəzərə alınıb-alınmaması barədə heç bir məlumat yoxdur. Buna görə də hazırkı şəraitdə Ermənistanın təşəbbüsü ilə sazişin bağlanması çətin ki, problemin həlli üçün çıxış yolu olsun”, - Slutski vurğulayıb.
***
13:47
Ermənistan Rusiyaya Roma Statutunun tələblərindən yayına bilmək üçün saziş təklif edib.
APA xəbər verir ki, bu barədə hakim “Vətəndaş Müqaviləsi” partiyasının İdarə Heyətinin üzvü, Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan brifinq zamanı bildirib.
Arşakyan qeyd edib ki, sazişin imzalanması ilə bağlı Ermənistan Rusiyadan cavab almayıb, lakin Roma Statutunun qüvvəyə minməsinə hələ çox vaxt var.
“Roma Statutunun ratifikasiyasından bir neçə ay əvvəl biz Rusiyanı ikitərəfli müqavilə imzalamağa dəvət etdik ki, dövlətlərimizin arasındakı hüquqi münasibətlərimiz beynəlxalq strukturlar səviyyəsində yoxlamaya məruz qalmasın, Roma Statutunun ratifikasiyası əlaqələrimizə təsir göstərməsin”, - deyə Arşakyan bildirib.
Spikerin müavini əlavə edib ki, iki ölkəyə aid məsələlərlə bağlı beynəlxalq məhkəmə qərarlarının tətbiqini istisna edən razılaşma hüquqi baxımdan əldə edilə bilər.