Bank Of Baku

Sürücülərin “qış imtahanı” – Ermənistanı Rusiyaya birləşdirən yeganə yol niyə bağlanır? - XÜSUSİ REPORTAJ

Sürücülərin “qış imtahanı” – Ermənistanı Rusiyaya birləşdirən yeganə yol niyə bağlanır? - XÜSUSİ REPORTAJ
# 27 dekabr 2023 16:30 (UTC +04:00)

Gürcüstandan Rusiyaya gedən Msxeta-Stepansminda-Lars yolu hazırda iki ölkə arasında yeganə işlək quru yoludur. “Hərbi yol” kimi də tanınan bu yol Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərindəki əsas istiqamətlərdən biridir. Onu regional anlamda vacib edən daha bir məqam isə Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yol statusuna malik olmasıdır. Statistikaya görə, Ermənistanın Rusiya ilə ticarətinin təxminən 70-80%-i məhz Lars yolu vasitəsilə baş tutur. Bundan başqa, taxıl, yanacaq kimi vacib məhsullar da Rusiyadan Ermənistana məhz bu yol üzərindən daşınır. Bu baxımdan “Msxeta-Stepansminda-Lars yolu Ermənistan iqtisadiyyatının şah damarıdır” desək şişirtmiş sayılmarıq. Bununla yanaşı, Lars yolundan digər ölkələrdən, elə Azərbaycandan olan sürücülər də istifadə edirlər. Lakin bu yolun beynəlxalq yük və sərnişin daşımaları baxımından əhəmiyyəti kifayət qədər yüksək olsa da, xüsusilə də qışda onun əlverişsiz hava şəraiti – qar uçqunu, buzlaşma kimi səbəblərdən dəfələrlə bağlanmasının qarşısını almaq hələ ki mümkün olmur.

Artıq 4 gündən çoxdur Lars yolu güclü qar səbəbi ilə növbəti dəfə bağlanıb. Yük və sərnişin maşınlarının uzun növbələrinin yarandığı bildirilir. Yolda yaranmış vəziyyətlə tanış olmaq üçün Tbilisidən yola düşdük. Çətinliklərin Msxeta-Stepansminda-Lars yolunun lap başlanğıcından, Tbilisidən dərhal sonra yarandığının şahidi oluruq. Səhər açılsa da, hava hələ bir qədər qaranlıqdır və qar yağmağa davam edir, yolda buzlaşma var. Odur ki, yol polisi Rusiyaya gedən müxtəlif nəqliyyat vasitələrinin ən azından hava düzələnədək gözləməsi üçün onları yol kənarında müşayiət edir.


Lars yolu ilə Rusiya istiqamətində davam etdikcə hərəkət edən nəqliyyat vasitələrinin sayı azalır.


Getdikcə daha yüksək relyefdən keçən yolda əsasən, qartəmizləyən, yola qum və duz qarışığı səpən maşınları və ya hansısa qəza baş verib-verməməsini müəyyənləşdirmək məqsədilə ehtiyatla hərəkət edən polis maşınlarını görmək mümkündür.

Beynəlxalq daşımalar üçün vacib əhəmiyyətə malik Gürcüstan-Rusiya yolunun bəzi hissələri indi güclü qar səbəbi ilə adi bir kənd yoluna bənzəyir.

“Hərbi yol” üzərindəki ən mürəkkəb vəziyyət isə yüksək dağlıq ərazidən keçən Qudauri-Kobi seksiyasındadır. Bu hissəyə yaxınlaşdıqca günlərdir hərəkətsiz gözləyən uzun yük maşını növbələrini görmək mümkündür.

Pasanauri kəndindən sonrakı mənzərəyə əsasən demək olar ki, qar xüsusilə də yük maşınlarının hərəkətini iflic vəziyyətə salıb. Bir sıra seksiyalarda TIR-ların uzun növbələri yaranıb və onların Rusiyaya doğru nə vaxt hərəkət edəcəyi artıq təbiətin insafına qalıb.

Yolda qalan yük maşınları arasında Rusiya, Qazaxıstan, Türkiyə nömrəli olanlar var, lakin onların mütləq əksəriyyətinin Ermənistana məxsus olduğunu müşahidə edirik. Sürücülər artıq günlərdir ki, öz maşınlarında gecələyirlər. Zəruri sanitar infrastrukturun, mağazaların olduğu yaşayış məntəqələrindən aralı olan bu məntəqə yalnız qar və dağlarla əhatələnib.

Rusiyadan maye qaz gətirmək üçün Ermənistandan yola düşmüş maşın karvanı da qarın içində ilişib qalıb. Sürücülər hələ nə qədər gözləyəcəklərini bilmirlər, çünki problem yolun yalnız Gürcüstan hissəsində deyil, Rusiya tərəfdə - Vladiqafqazda da ciddi çətinliklər var və qarşı tərəfdə gözləyən yük maşınlarının sayı kifayət qədərdir. Odur ki, Lars yolu indi yalnız səbirli sürücülər üçündür.

Yolu davam edib nəhayət, Qudauriyə - Gürcüstanın əsas xizək kurortu mərkəzinə çatırıq. Rusiya-Gürcüstan yolunun tamamilə bağlandığı nöqtə də məhz buradadır. Rusiya ilə sərhədə təxminən 50 kilometr qalır. Yol bir neçə metr hündürlükdə qar qalağı ilə bloklanıb. Bundan sonra hər növ nəqliyyat vasitəsinin hərəkəti tam məhdudlaşdırılıb və polis əməkdaşları bura qədər gəlməyi bacaran maşınları ya geri qaytarır, ya da onlardan təhlükəsiz şəkildə yol kənarında saxlamasını xahiş edir.

Yüksək dağlıq ərazidə yerləşən Qudauridə isə artıq qəfil qara yaxalanmış və nə irəli, nə də geri gedə bilməyənləri görürük. Bunlar əsasən sərnişin avtobusları və şəxsi avtomobili ilə Rusiyaya getmək istəyənlərdir. Həmsöhbət olduqlarımız yolu təmizləməli olan aidiyyəti qurumlardan şikayətlənirdilər. Onlar qış turizm zonası olan Qudauridən sonra yolun qəsdən təmizlənmədiyini, hotellərdə qalmağa məcbur edildiklərini iddia edirdilər.

Ermənistan vətəndaşı olan Ruzanna Arutyunyan üç gündür ki, ailəsi ilə birlikdə burada qaldığını, yüksəklik səbəbi ilə tez-tez qan təzyiqi problemi yaşadığını deyir:

“Artıq 3-cü gündür qocalar, insanlar uşaqları ilə birlikdə burada əziyyət çəkir. Həkim yardımı göstərilmir. Bir çoxları özlərini pis hiss edir, təzyiqləri yüksəlir, ürək döyüntüləri artır. Qudauridəki yolu təmizləmirlər. Piyada getmək də mümkün deyil.


Artur adlı daha bir Ermənistan vətəndaşı isə deyir ki, yolun Qudauriyə qədər olan hissəsini gəlmək buradan Yuxarı Larsa qədər olan hissəni getməkdən daha çətindir, lakin yol bağlanıb:

“Biz 3 gündür ki, burada qalmışıq, yolların insanların təhlükəsizliyi üçün bağlandığı bildirilir. Mənim fikrimcə burada qar təmizliyi ilə məşğul olan növbətçi nəqliyyat şirkəti olmalıdır ki, daimi təmizlik işləri aparılsın. Bu məsələ burada həmişə aktual olacaq. Burada həmişə qar yağacaq və problem həll edilmədikcə bu tıxaclardan insanlar həmişə şikayət edəcəklər”.


Batumiyə dincəlmək üçün getdiyini deyən Rusiya vətəndaşı Denis də isə özü ilə götürdüyü ərzağın artıq bitdiyini deyir:

İki sutkadır ki, burada gecələyirik. Maşınım orada dayanıb. Yaxşı ki maşında ərzaq var. Demək olar ki, bütün ehtiyat qidaları yemişəm. Qiymətlər əlbəttə kosmikdir. Heyf ki, xizəklərimi götürməmişəm. Yaxşıca dincələrdim. Batumiyə dincəlməyə gedirdim. Elə oldu ki, qara düşdüm”.


Qudauridə qara ilişib qalan nəqliyyat vasitələri arasında Gürcüstandan Rusiyaya getmək üçün yola düşmüş sərnişin avtobusu da var. Söhbət zamanı sərnişinlər arasında azərbaycanlı ailələrin olduğunu gördük. Marneulinin Sabirkənd kəndindən olan Lilpar Abdullayeva üç gündür ki, avtobusda gecələməli olduğunu, yol üçün götürdüyü azuqələrin isə bitdiyini bildirdi.

Avtobusun sərnişinləri arasında olan Tural Abdullayev deyir ki, yola düşərkən avtobusun 56 sərnişini olub, bu vəziyyəti gördükdən sonra onlardan bəziləri geri qayıdıb, imkanı olanlar ətrafdakı hotellərə yerləşib, əksəriyyət isə avtobusda qalır.

Bir sözlə Gürcüstandan Rusiyaya gedən yeganə quru yol üzərində vəziyyət mürəkkəb olaraq qalır. Məsələ bundadır ki, bu vəziyyət hər il qış aylarında dəfələrlə baş verir. Hazırda Qudauridə və ya bu yolun hər hansı bir nöqtəsində qalanların isə daha neçə gün gözləməli olacaqlarını demək çətindir. Sinoptiklərdən gələn xəbər isə budur ki, Gürcüstanda əlverişsiz hava şəraiti dekabrın 29-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR