Ermənistanın sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiyanın iclasında ictimaiyyət qarşısında çıxış etmək qərarının səbəblərini açıqlayıb.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Sabiq nazir deyib ki, komissiyanın işi başa çatana qədər iclasda iştirak etmək istəyir.
Tonoyan həmçinin qeyd edib ki, ölkənin Baş naziri Nikol Paşinyanın çıxışından sonra kifayət qədər çoxlu sayda suallar yaranıb və bu səbəbdən də komissiyanın iclasında iştirak etməyə tələsir.
Komissiyanın fəaliyyətinin 14 avqustda başa çatacağını nəzərə alan Tonoyan onun ünvanına səsləndirilən fikirlərə münasibət bildirmək istəyir.
Həmçinin əlavə olunub ki, məhkəmə həbsdə olan Tonoyanın komissiyanın iclasında iştirakına icazə verib və sabiq nazir cəzaçəkmə müəssisəsinin əməkdaşının müşayiəti ilə parlamentə gedəcək. İclas iki gün – 1 və 2 avqust tarixlərində keçiriləcək.
Xatırladaq ki, Ermənistanın hökumətinin başçısı Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasında iştirak edib.
Komissiyanın əvvəlki iclaslarına sabiq XİN rəhbəri Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq və hazırkı rəisləri - Onik Qasparyanla Edvard Asryan və digər yüksək rütbəli məmurlar dəvət olunub.