“Aktau şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” statusu aldığı il çərçivəsində noyabr ayının sonunadək 30-dan çox beynəlxalq mədəni və yaradıcılıq layihəsinin həyata keçirilməsi planlaşdırılır. Tədbirlər çərçivəsində, həmçinin, Festival, elmi konfrans, sərgi və müsabiqələrin təşkili də planlaşdırılır”.
Bu barədə APA-ya Qazaxıstanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, bununla bağlı açılış mərasimi aprelin 5-də Manqistau vilayətində təşkil edilib. Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakçılara müraciəti oxunub.
Tokayev Türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsinin ortaq vəzifə xarakteri daşıdığını bəyan edib.
Manqistau Regionunun rəhbəri Nurdaulet Kılıbay Türk dünyasının mədəni birliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb:
“Dövlət başçısı Kasım-Jomart Kemeloviç Tokayev qeyd edib ki, əsas vəzifəmiz Türk dünyasını XXI əsrin mühüm iqtisadi və mədəni məkanına çevirməkdir. Əslində, qardaş ölkələrin liderləri Türkdilli cəmiyyətin birliyini ön plana çıxarırlar. Bu gün Manqistauda baş tutan görüş bunun parlaq nümunəsidir. Manqistau Böyük İpək Yolunun bir qolu olmuşdur. Qədim zamanlarda ticarət və dəniz yolları yalnız məhsullar deyil, mədəniyyət və sivilizasiyanın bəhrələrini də daşıyırdı. Logistika və turizm sahəsində böyük potensiala malik olan Manqistaunu TÜRKSOY-a üzv ölkələrin yarısı ilə həm quru, həm də su sərhədləri birləşdirir. Əminəm ki, bugünkü görüşümüz gələcək səmərəli əməkdaşlığın davamı olacaqvə Türk dövlətləri arasında əməkdaşlığı daha da gücləndirəcək”.