Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiya Federasiyası vətəndaşlığından imtina edib Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə köçdüyünü elan edən, daha sonra Xankəndidəki silahlı erməni quldur dəstəsinin “dövlət naziri” “vəzifə”sini tutmuş, adı külli miqdarda çirkli pulların yuyulmasında hallanan, Rusiya elitasının gizli pul kisəsi hesab olunan erməni əsilli milyarder Ruben Vardanyanın daha bir cinayət əməli üzə çıxıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, milyardlarla dollar vəsaiti Rusiyadan çıxarılması üçün ofşor şirkətlər şəbəkəsi yaradan maliyyə fırıldaqçısı Vardanyanın bu dəfə “Rosnano” şirkətinin keçmiş rəhbəri Anatoli Çubaysın milyonlarla dollar vəsaitini “yuması”na dair səs yazısı yayılıb.
Rucriminal.info-nun və “ВЧК-ОГПУ” teleqram kanalının əldə etdiyi səs yazısında Çubaysın Moskva vilayətində inşa etdirdiyi yaşayış kompleksinə görə vergi ödəmək istəmədiyi və bunun üçün erməni milyarder Ruben Vardanyanın “pul yumaq” xidmətindən istifadə etdiyi faktı üzə çıxıb.
“Vergi ödəmək istəmirəm”. “Rosnano”un keçmiş rəhbəri Vardanyan vasitəsi ilə pulları “yuyub” başlıqlı ruscriminal.infonun dərc etdiyi məqalədə Çubaysla ona Moskva vilayətinin Odinstovo rayonunun Predilkino kəndində yaşayış kompleksi inşa etməyə yardım edən sahibkar İlya Suçkovun görüşün səs yazısının saytın ixtiyarında olduğu qeyd olunub.
Bildirilib ki, məlum görüşdə Çubays "... yoxdan üçqat vergi ödəməyək" deyərək məlum yaşayış kompleksinin inşa olunması üçün istifadə edilən pulların yuyulması sxeminin işlənib hazırlanmasını və həyata keçirilməsini Ruben Vardanyana həvalə edib.
“Anatoli Çubaysın Ruben Vardanyan qarşısında qoyduğu əsas tapşırıq vergiləri azaltmaqdan ötrü sxemi modernləşdirmək üçün Vardanyanın “ovsunlayıcı diplomatiya”sını həyata keçirmək olub.
Başqa sözlə, Anatoli Çubaysın təklifi ilə təxminən dəyəri 47.000.000 ABŞ dollar, bazar qiyməti və məhkəmənin hesabladığı qiymətə görə 34-36.5 milyon ABŞ dolları olan “Peredilki Yaşayış Kompleksi” malikanəsi iş adamı Boris Mints və oğluna son dərəcə aşağı qiymətə, 7.000.000 - 8.000.000 ABŞ dollarına satılmalı idi. Nəticədə yaranan 39.000.000 - 40.000.000 ABŞ dolları məbləğində borcla əlaqədar olaraq, belə bir sxem həyata keçirildikdən sonra İsveçrənin “SFO Concept AG” şirkəti qəsdən müflis olmalı idi.
2016-cı ilin yanvar ayında “Peredelki Yaşayış Kompleksi”nin tikintisi başa çatdırılıb və əmlak İsveçrənin “SFO Concept AG” şirkəti tərəfindən istismara verilib. Lakin İsveçrə şirkətinin rəhbəri Suçkov Çubaysla Boris Mintsin əsl niyyətindən xəbər tutaraq onların borca götürülmüş pullarının yuyulması prosesində iştirakdan imtina edib və Çubaysdan yaşayış kompleksinin bazar qiymətinə almasını tələb edib. Suçkovun “pul yuyulması” sxemində iştirakda imtinasından sonra böyük bir qalmaqal yaşanıb. Belə ki, Çubays polisə şikayət edib və 2016-2017-ci illərdə Anatoli Çubaysın və Boris Mintsin nümayəndələrinin saxta ittihamları əsasında Rusiya Daxili İşlər Nazirliyinin Odintsovo şəhər dairəsi üzrə idarəsində İlya Suçkova qarşı 2 maddə ilə cinayət işi başlanıb.