Rusiyanın Lukoil şirkətinin Volqoqrad Neft Emalı Zavodu pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində avadanlıqlara dəyən ziyana görə 2 oktyabrda xam neft emalını tamamilə dayandırıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Vilayət administrasiyası qubernator Andrey Boçarova istinadən 2 oktyabrda regionun sənaye infrastrukturuna kütləvi dron hücumu barədə məlumat verib, lakin PUA hücumundan zərər görən byektlərin adını çəkməyib.
Lukoil şirkətindən isə məsələ ilə bağlı şərh verilməyib.
Qeyd edək ki, Volqoqrad Neft Emalı Zavoduna əvvəlki böyük dron hücumları bu ilin 29 may və 31 iyul tarixlərində baş verib və ciddi ziyana səbəb olub.
Volqoqrad Neft Emalı Zavodu ildə təxminən 14 milyon ton xam neft emal etmək gücünə malikdir. Bu isə Rusiyada ümumi emal gücünün təxminən 5%-i deməkdir.