“Western Union” valyuta transferi şirkəti Rusiya və Belarusda fəaliyyətini dayandırır.
APA-nın “Financial Post”a istinadən xəbərinə görə, bu barədə şirkətin bəyanatında bildirilib.
Bəyanatda vurğulanıb ki, qərarın qəbul edilməsi zamanı şirkətin səhmdarları ilə geniş dialoq aparılıb.
“Biz dəyərli komanda yoldaşlarımız, tərəfdaşlarımız və müştərilərimiz də daxil olmaqla daxili və xarici mülahizələri ətraflı dəyərləndirmişik. Nəhayət, Rusiyanın Ukraynaya uzunsürən hücumunun davam edən faciəvi təsiri fonunda Rusiya və Belarusdakı əməliyyatlarımızı dayandırmaq qərarına gəlmişik”, - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, “Western Union” müxtəlif ölkələr və valyutalar arasında pul nəqli və ödəmələri həyata keçirən qlobal səviyyədə lider platformadır. Şirkət 200 ölkə və ərazidə 130 müxtəlif valyuta ilə öz xidmətlərini təklif edir.