Bakı. Məlahət Nəcəfova - APA. “50-60 min Ermənistan vətəndaşı çıxılmaz vəziyyətdə qalıb. Onlar gəldikləri Rusiyaya yenidən qayıda bilmirlər”.
APA-nın armtoday.info saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Ərazi İdarəçiliyi və Fövqəladə Hallar Nazirliyinin Miqrasiya İdarəsinin rəisi Qaqik Yeganyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda əksəriyyəti Ermənistanda olan bu şəxslərin Rusiya miqrasiya qanununun tələblərini pozduqları üçün Rusiyaya girməsi qadağan olunub: “Rusiya rəsmilərinin məlumatına əsasən, hazırda 3 milyondan çox şəxs Rusiya qanunlarını pozanlar siyahısındadır. Onlardan 180 mini Ermənistan vətəndaşıdır. Rusiya tərəfi ilə danışıqlar əsasında razılığa gəlmişik ki, Ermənistan vətəndaşlarının Rusiyaya girməsi ilə bağlı qadağaların aradan qaldırılması üçün ərizələr Rusiya tərəfinə verilsin. Biz indiyə kimi 3600 ərizə təqdim etmişik. Onlardan 2800-2900-nə cavab almışıq. Bunların içərisindən yalnız 22-23 faizi müsbətdir. Digər ərizələrlə bağlı əsaslandırmalar isə belə oldu ki, kiminsə üstündə məhkəmə hökmü var və ya üzərindən Rusiyaya getmək barədə qadağanın götürülməsinə əsas yoxdur”.