İraq Kürdüstanı "Rosneft"lə müqavilədən əldə edəcəyi gəlirin 1 milyard dollarını regiondakı 5 neft blokunun inkişafına sərf edəcək.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu İraqın kürd müxtariyyəti parlamentinin Maliyyə və iqtisadi məsələlər üzrə komitəsinin sədri İzzər Saber "RİA Novosti"yə açıqlamasında deyib. O bildirib ki, Rusiyanın neft nəhəngi ilə müqavilənin ümumi dəyəri 3 milyard ABŞ dollarından çoxdur.
Kürd parlamentar avans olaraq "Rosneft"in Kürdüstan hökumətinə 1 milyard dollar ödədiyini söyləyib: "Bu məbləğ BƏƏ-nin "Dana Gas" neft-qaz şirkətinə olan borcu bağlamaq üçün istifadə olunub. İkinci milyardı isə Türkiyənin Ceyhan limanına qədər çəkiləcək qaz kəmərinin tikintisinə yatırmaq planlaşdırılır. Daha bir milyard dollar Kürdüstan regionundakı neft bloklarının inkişafına sərf olunacaq. Bu pul hələ ki, ödənilməyib".