Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya kansleri Angela Merkelin Putinə sərt xəbərdarlıq etməsi ilə bağlı Qərb mətbuatında yayılan məlumatı təkzib edib. APA-nın Moskva müxbirinin xəbərinə görə, Kremlin sözçüsü bu xəbərlərin doğru olmadığını bildirib: “Biz artıq danışıqların tonu barədə açıqlama vermişik. Heç kəs heç vaxt prezidentlə ultimatum tonunda danışmayıb və danışa da bilməz”.
Qeyd edək ki, ABŞ-ın “The Wall Street Journal” qəzeti Angela Merkelin fevralın 6-da Moskvada baş tutan görüşdə Vladimir Putinə sərt xəbərdarlıq etdiyini yazıb. Nəşr diplomatik mənbəyə istinadən qeyd edib ki, A. Merkel fevralın 11-də Minskdə planlaşdırılan “Normandiya dördlüyü”nün görüşündə V. Putinin Almaniya və Fransa tərəfindən təklif edilən sülh planı ilə razılaşmayacağı təqdirdə onu sanksiyalarla hədələyib. Nəşrin yazdığına görə, Merkel bildirib ki, əgər Rusiya sülh planına “yox” desə, o zaman Almaniya ABŞ tərəfindən Ukraynaya nəzərdə tutulan silah yardımına etiraz etməyəcək.