Ermənistanda qrantla bağlı maliyyə fırıldaqda şübhəli sayılaraq saxlanılan Avropa İttifaqının bu ölkədəki nümayəndəliyinin əməkdaşının kimliyi məlum olub.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsi nümayəndəlikdə böyük həcmdə vəsaitin mənimsənilməsi ilə əlaqədar cinayət işinin təfərrüatlarını açıqlayıb.
Məlumatda bildirilir ki, aprelin 26-da böyük həcmdə vəsaitin mənimsənilməsi ilə əlaqədar Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin qrant proqramlarının koordinatoru Marina Papyan saxlanılıb.
Cinayət işində şübhəli şəxs qismində Tiqran Sukiasyan, Qevork Kazaryan, Rubina Ter-Martirosyan, Armen Bareqamyan, Anait Avaqyan, Serqey Balasanyan, Dina Manukyan, Karen Stepanyan, Tereza Dilanyan, Aleksandr Poqosyan, Qrayr Qencyan, Qarik Çilinqaryan və Geqam Petrosyanın adı keçir.
Sonuncu 3 nəfər barəsində axtarış elan olunub.
***
saat 14.28
Ermənistanda Avropa İttifaqı (Aİ) nümayəndəliyinin əməkdaşı həbs olunub.
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, İstintaq Komitəsindən bildirilib ki, Aİ nümayəndəliyinin qrant proqramlarının koordinatoru mənimsəmədə təqsirli bilinir.
Bundan əvvəl qrant vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi başlandığı, iş üzrə 10 nəfərin adının keçdiyi, onlardan birinin axtarışa verildiyi bildirilmişdi.