Qırğızıstanda prezident seçkilərində iştirak edəcək namizədlərin sayı 11-ə çatıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Temir Sariyev və Bakıt Torobayevın namizədlikləri təmsil etdikləri partiyalar, digər 9 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.
Onların arasında hazırda korrupsiya ittihamı ilə əlaqədar açılan cinayət işinə görə saxlanılan “Ata-Meken” müxalif parlament fraksiyasının lideri Omurbek Tekebayevin adı da var. Prezident seçkilərində iştirak etmək istəyini sabiq baş nazir Omurbek Babanov da açıqlayıb. Prezident yönümlü Sosial-demokrat partiyasının siyasi şurası hazırkı nazirlər kabinetin başçısı Sooronbay Jeenbekovun namizədliyini irəli sürüb. Partiyanın qurultayı iyulun 15-də keçiriləcək.
Yerli ekspertlərin fikrincə, namizədlərin hamısı qeydiyyat prosedurundan keçə bilməyəcək. Onlar ən azı 30 min seçicinin imzasını toplamalı, qırğız dilindən imtahan verməli və 1 milyon som (15 min dollar) məbləğində girov qoymalıdır. Politoloqların qənaətinə görə, prezident postuna hazırda 3-4 real namizəd var, qalan namizədlər özünün reklamı ilə məşğul olur.
Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-də baş tutacaq. Hazırkı prezident Almazbek Atambayev seçkilərdə iştirak etməyəcək, çünki qanuna əsasən prezident postunu bir dəfədən çox tuta bilməz.