APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş prokuroru Qevork Kostanyan bildirib.
Onun sözlərinə görə, Valeri Permyakov Avetisyan ailəsinin üzvlərini öldürməklə yanaşı, bazanı özbaşına tərk etməklə hərbi cinayət törədib.
“Rusiya hərbi bazasının Ermənistanda yerləşməsinə dair müqavilənin 4-cü maddəsində bildirilir ki, hərbi qulluqçular tərəfindən Ermənistan ərazisində törədilən cinayətlərin istintaqı Ermənistan qanunvericiliyinə əsasən aparılır. Beşinci maddədə isə qeyd olunur ki, baza ərazisində törədilən cinayətlər, o cümlədən hərbi cinayətlər Rusiya qaunvericiliyinə əsasən aparılır. Bu məsələdə həm də Rusiya Konstitusiyası nəzərə alınıb. Cinayət işi iki ölkənin qanunvericiliyinə uyğun aparılacaq. Ermənistan baş prokurorluğu da cinayət işi açıb və müttəhimin məsuliyyətə cəlb olunmasına çalışır. Ermənistan Təhqiqat Komitəsinin rəis müavini istintaq tədbirlərində iştirak edəcək”, –deyə Q. Kostanyan qeyd edib.
O deyib ki, Permyakovun işinin Ermənistan ədliyyə sisteminə verilməsini istəyən insanların hisslərini başa düşür, lakin burada beynəlxalq hüquqdan və dövlətlərarası münasibətlərdən söhbət gedir.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürməkdə ittiham olunan 102-ci Rusiya hərbi bazasının əsgəri V. Permyakov yanvarın 14-də həbs olunub. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 və 338.2 maddələri üzrə (adam öldürmə və fərarilik) cinayət işi başlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri 5-ci Rusiya qarnizonunun məhkəməsi tərəfindən seçilib.