APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bildirib ki, Pyatiqorskda polis bölməsinin yaxınlığında terror aktı törətməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib.
Onun sözlərinə görə, Rusiya İstintaq Komitəsinin Şimali Qafqaz federal dairəsi üzrə Baş istintaq İdarəsi tərəfindən "Vilayət Dağıstan" terrorçu icmasının tərkibinə daxil olan "Xasavyurt sektoru" bandasının üzvlərinin cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb. Təqsirləndirilən şəxslər Murad Atayev, Şamil Abduləzizov, Ramazan Xəlilov, Vladimir Xalizov, Maqomed İbrahimov və Şamil Qazımaqomedovdur.
Adıçəkilən şəxslər 2013-cü il dekabrın 27-də Pyatiqorsk şəhərində Baş Dövlət Yol Polis İdarəsinin yaxınlığında terror aktı törətməkdə təqsirləndirilirlər. İstintaqın versiyasına görə, 2013-cü ilin oktyabr-dekabr aylarında "Xasavyurt sektoru" bandasının başçısı "Yəhya" ləqəbli Tural Atayev polis binasının yaxınlığında avtomobili partlatmaqla terror törətməyi planlaşdırıb.
İstintaqla müəyyən olunub ki, 2013-cü il dekabrın 27-də cinayətkar dəstənin üzvləri mobil telefon vasitəsi ilə 50-60 kiloqram trotil ekvivalentinə bərabər partlayıcı qurğunu işə salıblar. Partlayıcı qurğu Pyatiqorsk Baş Dövlət Yol Polisi İdarəsinin binası yaxınlığında park edilmiş avtomobilin yük yerində quraşdırılıb. Terror hadisəsi nəticəsində 3 nəfər ölüb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terroru törətməkdə şübhəli bilinən şəxslər yaxalanıblar. Cinayətkar dəstənin başçısı T. Atayevlə Marat İdrisov və Siracuddin Çerkesov xüsusi əməliyyat zamanı öldürülüblər.
V. Markov bildirib ki, istintaq 6 nəfərdən ibarət dəstə üzvlərinin cinayəti törətmələri barədə kifayət qədər sübut toplayıb.
Qeyd edək ki, "Xasavyurt sektoru" bandasının başçısı "Yəhya" ləqəbli 1988-ci il təvəllüdlü T. Atayev Azərbaycan vətəndaşıdır. O, 2014-cü ilin martında Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələrinin Xasavyurt rayonunun Pervomayski kəndində keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb. T. Atayev Balakən rayonunda olub.
Pyatiqorskda terror törətməkdə təqsirləndirilən şəxslərdən biri olan Murad Atayev də Azərbaycan vətəndaşdır. Onun Azərbaycan vətəndaşı olması barədə məlumatı Rusiya Milli Antiterror Komitəsi yayıb.