Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin “Yalan, ya doğru informasiya: müasir informasiya dünyasına çağırış” mövzusunda sammit keçirilib. APA-nın Rusiya burosunun məlumatına görə, Rusiyanın TASS agentliyi tərəfindən təşkil olunan sammitdə müasir texnologiyaların inkişafı fonunda yalan xəbərlərin qarşısının alınması, onların jurnalistika üçün ciddi problemlər yaratması, belə informasiyalardan qorunmaq yolları ilə bağlı çıxışlar dinlənilib, müzakirələr aparılıb.
TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və İtaliyanın ANSA agentliyinin baş direktoru Cüzeppe Çerbonenin moderatorluğu ilə keçən sammitdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Yaponiyanın Kyodo agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru Kakuya Oqata, Associated Press agentliyinin beynəlxalq xəbərlər üzrə vitse-prezidenti İen Filips çıxış ediblər.
Onlar çıxışlarında əvvəlki dövrlərlə müqayisədə hazırda sosial şəbəkələr vasitəsilə “feyk” məlumatların daha sürətlə yayıldığını və qısa vaxt ərzində böyük auditoriya əldə etdiyini bildiriblər. Qeyd olunub ki, yalan xəbərlərin qarşısının alınması üçün mexanizmlərin yaradılmasına böyük ehtiyac var: "“Feyk” informasiya ilə elə “feyk” xəbərlər vasitəsilə mübarizə aparmaq olmaz. Əsas diqqəti jurnalist resurslarından və sağlam jurnalistika ənənələrindən istifadə edərək həqiqətə yönəltmək lazımdır. Təhsilin səviyyəsini yüksəltməklə, insanlara xəbərlərin necə yaranması mexanizmlərini öyrətməklə yalan xəbərlərə inananların sayını azaltmaq, “feyk” məlumatların yayılmasının qarşısını almaq olar. Jurnalistlər daim mübarizə aparmalı, yalanı məhv etmək üçün məhz həqiqəti aşkar edib göstərməlidirlər".
Cəmiyyətdə mediaya etibarın azaldığını vurğulayan ekspertlər bunun əsasən həqiqətin yayılmasına çətinliklər yaratdığını önə çəkiblər. Buna görə də etibarlı mənbə statusunu qoruyub saxlamaq üçün agentliklər öz kollektivlərində əməkdaşların hazırlıqlı olmasına diqqət ayırmalı, onların peşəkarlığını artırmalıdırlar".
Sammitdə o da qeyd olunub ki, agentliklər informasiya yayarkən diqqətli olmalı, illərlə qazanılan imiclərini risk altına atmamalıdırlar. “Feyk” xəbərlər problemi xüsusilə agentliklər üçün böyük çağırışdır, çünki məhz bu media qurumları gündəlik olaraq xəbərlə işləyir, informasiya istehsal edir və yayır.
Qeyd edək ki, sammitdə Associated Press, Bloomberg, Reuters, Anadolu, ANSA, DPA, Sinxua, İRNA, Kyodo, Yonhap, France-Presse və digər agentliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər. Azərbaycanı isə sammitdə "Azərtac"-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov təmsil edib.