Rusiyanın Soçi şəhərində Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib.
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Rusiya, Belarus, Qazaxıstan, Ermənistan prezidentlərinin və Qırğızıstan baş nazirinin iştirakı ilə keçirilən iclasda qurumun hazırki fəaliyyəti, gələcək planları barədə fikir mübadiləsi aparılıb.
İttifaqa üzv ölkələrin dövlət başçıları məhdud və geniş tərkibdə görüş keçiriblər. Geniş tərkibdə görüşdə çıxış edən Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcminin bu ilin əvvəlindən 30 faiz artdığını söyləyib: "Bu artım İttifaq ölkələri arasında azad ticarət zonasının yaradılması hesabına olub".
V. Putin İttifaq ölkələrinin dövlət başçılarının görüşündə AvrAzES-in 2025-ci ilə kimi rəqəmsal gündəliyinin əsas istiqamətləri adlı sənədi təsdiqlədiklərini bildirib. O, Rusiyanın rəqəmsal gündəliyin praktiki həyata keçirilməsinə fəal iştirak etməyə hazır olduğunu söyləyib.