APA-nın “liga.net” saytına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Antiterror Əməliyyatı Qərargahının sözçüsü Andrey Lısenko deyib.
A. Lısenko bildirib ki, Donetsk şəhəri və ətraf yaşayış məntəqələrinin morq və xəstəxanaları separatçıların meyitləri, yaralıları ilə doludur və artıq dərman ləvazimatlar qıtlığı yaranıb: “Debaltsevo istiqamətində hücum əməliyyatları üçün 3 mindən çox silahlı separatçı və Rusiya hərbçisi, 30-dan çox tank, 80-ə yaxın zirehli texnika, böyük miqdarda artilleriya, o cümlədən özüyeriyən artilleriya sistemləri cəlb olunub. Bütün həftə döyüşlər getdiyi üçün bizim onların itkilərini saymaq imkanımız olmayıb. Lakin bir neçə mənbədən aldığımız məlumatlara görə, yüzlərlə silahlı öldürülüb, bir o qədər də yaralanıb”.
Qeyd edək ki, Debaltsevo şəhəri Donetsk şəhərindən 74 km aralıda yerləşən strateji əhəmiyyətli dəmir yolu qovşağıdır. 2014-cü ilin aprelində Donbassda aqressiv separatizm baş qaldırdıqdan sonra Debaltsevo şəhəri də bir çox yaşayış məntəqəsi kimi silahlılar tərəfindən ələ keçirilib. Əməliyyatlara başlayan Ukrayna ordusu ötən il iyul ayının sonlarında şəhəri azad edib. Müharibə ərəfəsində şəhərin 25 mindən çox əhalisi olub, lakin son aylarda hərbi əməliyyatlarla əlaqədar bir çox sakin şəhəri tərk edib və ya başqa yerə köçürülüb. Debaltsevo hazırda üç tərəfdən separatçı dəstələrin əhatəsindədir. Separatçılar Ukrayna ordusunun nəzarətində qalan yeganə yolu kəsmək və şəhərdəki Ukrayna hərbi kontingentini tam mühasirəyə almaq üçün yanvarın 17-də geniş miqyaslı hərbi əməliyyata başlayıblar. Onlar ətrafdakı bəzi yaşayış məntəqələrini ələ keçirə bilsələr də, hələlik öz məqsədlərinə nail ola bilməyiblər.