APA-nın “Ukrainskiye novosti”yə istinadən verdiyi məlumata görə, S. Poltorak bildirib ki, hazırda Debaltsevoda müdafiə mövqeyi tutan Ukrayna hərbçilərinin terrorçular tərəfindən mühasirəyə alınması təhlükəsi yoxdur: “Heç bir mühasirə yoxdur. Bu, mühasirənin olmasını istəyənlərin uydurmasıdır”.
Nazir Debaltsevodakı qüvvələrin müntəzəm şəkildə əlavə kömək və döyüş sursatı ilə təmin edildiyini deyib. O, düşmənin Debaltsevo-Artyomovsk yolunda pusqu quran təxribat qrupunun müəyyənləşdirilərək zərərsizləşdirildiyini söyləyib.
“Kiyev-2” batalyonunun döyüşçüsü İqor Savçuk da öz “Facebook” səhifəsində separatçıların ağır itki verərək Debaltsevo-Artyomovsk yolundan geri çəkildiklərini yazıb: “Bizim yolu açan qrupumuz onları yaxşı didib. Eyni zamanda separatçılar cənub istiqamətindəki (Mariupol) müdafiələrində yaranmış dəlikləri qapatmaq üçün qüvvələrinin bir qismini ora yönəldiblər. Saxanka kəndi yaxınlığında Rusiyadan separatçılara gələn kömək darmadağın edilib”.
Qeyd edək ki, Ukrayna Milli Qvardiyası fevralın 10-da separatçıların Mariupol şəhəri yaxınlığındakı mövqelərinə hücuma keçib. Nəticədə 5 yaşayış məntəqəsi azad edilib və cəbhə xətti Mariupoldan uzaqlaşdırılıb. Bu hücum bütün qüvvələrini Debaltsevo ətrafında cəmləşdirən separatçılar üçün gözlənilməz olub.