Moskva. Fərid Əkbərov - APA. Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə sabah imzalana bilər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, yaxın saatlarda razılıq əldə olunsa, Qırğızıstanın quruma qoşulması haqqında müqavilə imzalana bilər: "Sabah keçiriləcək görüş Avrasiya İqtisadi İttifaqının yaradılması prosesi ilə bağlı son görüşdür. Bütün dövlətlər təsis müqaviləsini ratifikasiya ediblər. Sözsüz ki, böyük iş görülüb, onlarla vacib sənəd qəbul edilib, hansı ki, ticarət və inzibati maneələri aradan qaldırır, eləcə də, yeni birliyin fəaliyyətinin maliyyə-təşkilati aspektlərini tənzimləyir. 2015-ci il yanvarın 1-dən 170 milyon nəfəri əhatə edən postsovet məkanında nəhəng inteqrasiya birliyi, istehlak bazarı fəaliyyətə başlayır. Eksperlər və hökumətlər bu saatlarda çox gərgin işləyirlər. Ümid edirik ki, bu iş Qırğızıstanın təşkilata qoşulmasının razılığı ilə bitəcək".
Y. Uşakov onu da qeyd edib ki, Qırğızıstanın Avrasiya İqtisadi İttifaqıba qoşulması haqqında müqavilə 2015-ci il mayın 1-dən qüvvəyə minə bilər.
Qeyd edək ki, sabah Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. İclasda Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan prezidentləri iştirak edəcəklər.