Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onun dediklərini absurd adlandırmasına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə Simonyanın məlum açıqlamasını kobudluq adlandırıb.
“Bəs, mənim Ermənistanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıması haqda sözlərimi o, necə adlandırıb? Bu birincisi, o da sualdır. İkincisi isə, mənə elə gəlir ki, bu publik ritorika kobudluğa bənzəyir, Ermənistanın siyasi xadimlərinə yaraşmır. Əgər onlar ekspertlər səviyyəsində, siyasi səviyyədə danışmaq istəyirlərsə, bizim Ermənistanla bütün istiqamətlər üzrə yaxşı kanallarımız var. Mən başa düşürəm, orada (Ermənistanda-red.) hər kəsin rolu əvvəlcədən yazılıb. Kim nə deməlidi, necə deməlidir. Lakin mən hesab edirəm ki, bu, Ermənistan cəmiyyətini təmsil edən insanlara başucalığı gətirmir, hansı ki, bu cür ifadələrdən istifadə edir. Biz isə bunları son zamanlar çox eşidirik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.