Yerli final gecəsində 13 nəfərdən ibarət münsiflər heyəti seçim edib. İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovun sədrlik etdiyi münsiflər heyətində Fərhad Bədəlbəyli, Eldar Mansurov, İbrahim Quliyev, Mixail Qusman, Lalə Kazımova, Vaqif Gərayzadə, Afaq Məlikova, Təranə Muradova, Azad Əliyev, Murad Adıgözəlzadə, Rauf Babayev, Natəvan Şeyxova təmsil olunub. İlkin seçimlərdə yarışmada iştirak üçün Elnur Hüseynov, Aynur İsgəndərli və “Unformal” qrupu fərqlənib.
Yarışmanın yerli final gecəsində iştirak etmək üçün bu müsabiqənin əvvəlki qaliblərindən olan Sərtab Erener, Ruslana və Mariya Şerifoviç Azərbaycana gəliblər.
Azərbaycanı yarışmada təmsil edəcək şəxs müəyyənləşəndən sonra Ruslana bildirib ki, E. Hüseynovun səsi onun üçün böyük dəstək olacaq: “Mən inanıram ki, Elnur səsi ilə Azərbaycana birinciliyi gətirəcək”.
E. Hüseynov 1987-ci il martın 3-də Türkmənistanın Aşqabad şəhərində hərbiçi ailəsində anadan olub. Anası musiqi nəzəriyyəçisi olan E. Hüseynov fortepiano sinfində təhsil alıb. O, 1999-cu ildə Bakıya gəlib, 2000-ci ildə Tibb Texnikumunda diş texniki fakültəsinə, 2001-ci ildə isə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. Bir müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. 2003-cü ildə “Sing your Song” tele-layihəsində “Qran-pri” mükafatına layiq görülüb. 2004-cü ildə məktəbi bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında kapella hazırlayıb. Kilsə xorunda da çalışan E.Hüseynov Sevda Məmmədovadan və Fidan Hacıyevadan sonra indi də Rəşad Həşimovdan dərs alır. /APA/